Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilib

Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilib Onun 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar və s. Azərbaycana hədiyyə olunub
Mədəniyyət siyasəti
9 İyun , 2017 16:55
Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilib
Report.az

Bakı. 9 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, digər türkdilli ölkələrin səfirliklərinin nümayəndələri və bir sıra ictimai xadimlər iştirak ediblər.

Ə.Qarayev bildirib ki, Əli bəy Hüseynzadə Türkiyə və Azərbaycan arasında mənəvi körpüdür : "Mən əsərlərin qaytarılması ilə bağlı Türkiyəyə xüsusi təşəkkür edirəm. Onlar bu arxivi Azərbaycana təqdim etməklə sübut etdilər ki, bizim ayrılmaz tariximiz var. Əli bəy Hüseynzadənin daima ürəyində yaşatdığı türkçülük ideyası bu gün reallaşıb. Artıq türk dövlətlərinin hər biri müstəqil dövlətlərdir".

E.Özoral Əli bəy Hüseynzadənin arxivinin Azərbaycana gətirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə ədibin ailəsi adından Cəmilə Hüseynzadə çıxış edib və Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın xahişi ilə onun nümayəndəsinə Azərbaycanın üçrəngli bayrağı nazir tərəfindən təqdim olunub.

Təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilən Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər, şəxsi əşyaları nümayiş olunub.

Ümumiyyətlə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunan “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub.

Sonda xalq artisti Azərinin ifasında “Çırpınırdı, Qara dəniz” mahnısı ifa olunub.

Son xəbərlər

Orphus sistemi