Yuxarı

Ekvadorda “Hökmdarın taleyi” bədii filminin təqdimatı keçirilib

Tədbirlər zamanı tamaşaçılara ispan dilində müxtəlif materiallar təqdim olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ekvador Respublikasının Mədəniyyət və İrs Nazirliyinin və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə paytaxt Kitoda yerləşən FLACSO universitetində “Hökmdarın taleyi” bədii filminin təqdimatı olub.

Bu barədə "Report"a Azərbaycanın Braziliya və Ekvadordakı səfirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanın Braziliyadakı eyni zamanda, Ekvadordakı səfiri Elnur Sultanov "Hökmdarın taleyi" bədii filmi haqqında məlumat verərək, ermənilərin tarixən Cənubi Qafqazda yaşamadıqlarını bildirib, həmçinin onların XIX əsrdən başlayaraq, əzəli Azərbaycan torpaqlarına köçürülməsinə dair tarixi faktlar və bunun sonradan regionda yaratdığı fəsadlar barədə danışıb.

Bundan əlavə, 2016-cı ilin 31 mart tarixində Kitonun Kino İnstitutunda (Incine) Xocalı soyqırımına həsr edilmiş “Dua” sənədli filminin təqdimatı keçirilib.

Tədbirin əvvəlində çıxış edən səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı barəsində geniş məlumat verib.

Sonda səfir E.Sultanov ekvadorlu tamaşaçıların suallarını cavablandırıb.

Hər iki nümayiş yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirlər zamanı tamaşaçılara ispan dilində müxtəlif materiallar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi