Yuxarı

Əbülfəs Qarayev Ucar şəhərində vətəndaşları qəbul edib

O, ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib

Bakı. 11 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbula gələnlərin müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ucar rayonundan qəbula yazılan vətəndaşlar təzə istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat işlərinin yenidən qurulması, muzeyin direktoru Solmaz Ağalarovanın 60 illik yubileyi ilə əlaqədar əməyinin qiymətləndirilməsi, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanaların iqtisadiyyat və kənd təsərrüfatına dair ədəbiyyatla təmin olunması, kitaba marağın artırılması məqsədi ilə tanınmış yazıçı və şairlə görüşlərin keçirilməsinə köməklik göstərilməsini xahiş edib.

Ağdaş sakinləri tərəfindən Qarabağ döyüşlərində şəhid olmuş əsgər və zabitlər haqqında təbliğat işlərinin aparılması, rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnə rekvizitləri ilə təminatı və Ağdaş rayonunun ölkəmizdə mövcud olan turizm marşrutlarına daxil edilməsi barədə təklif və xahişlər səsləndirilib.

Göyçay rayonundan qəbula gələnlərin müraciətləri Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsi, Alxasava kənd Diyarşünaslıq evinə əyani vəsaitlərin verilməsi, Qarabaqqal kənd Mədəniyyət evinin kukla teatrının müxtəlif kukla və digər vəsaitlərlə təmin edilməsi barədə olub.

Kürdəmir sakinləri Sığırlı kəndində yerləşən "Qaratəpə yaşayış yeri və qəbiristanlıq" arxeoloji abidəsinin ərazisində tədqiqat işlərinin aparılması, rayonda kino xidmətinin bərpası istiqamətində tədbirlərinin görülməsi, ölkə başçısının sərəncamına uyğun olaraq nazirliyin yaradılacaq regional idarələrinə daxil olan rayonlar arasında daha sıx əməkdaşlığın qurulması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Zərdabdan qəbula yazılanların müraciətləri rayon mədəniyyət işçilərinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə konsert proqramlarının təşkil edilməsi, mədəniyyət müəssisələrinin milli-mənəvi dəyərlərimizi əks etdirən milli bədii və uşaq filmləri ilə təminatı barədə olub.

Nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi