Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev TÜSİAB-ın nümayəndə heyəti ilə görüşüb

    Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

    Bakı. 23 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 23-də Azərbaycan Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşüb.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Görüşdə TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edib.

    Ə.Qarayev Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Eyni zamanda turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışıb: “İki qardaş ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Türkiyə dünya ölkələri arasında inkişaf etmiş turizm sahəsi ilə öz yerini tutmuşdur. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olub. Ötən illər ərzində Türkiyənin təcrübəsindən geniş yararlanaraq ölkəmizdə turizm infrastrukturunu daha da inkişaf etdirmişik”.

    Nazir turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edib, son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib: “Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır”.

    Ə.Qarayev iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışıb, bu əlaqələrin inkişafının bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

    TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat təşkilatın Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, TÜSİAB Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafına öz töhfəsini layiqincə verib və bu sahədə işlər uğurla davam etdirilir.

    C.Polat qeyd edib ki, 1994-cü ildən fəaliyyət göstərən qurum bu günədək Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyub. İdarə heyətinin sədri Türkiyə iş adamlarının Azərbaycanın turizm sənayesinə də investisiya qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb.

    Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini yüksək qimətləndirən Əbülfəs Qarayev qarşılıqlı görüşlərin keçirilməsi və investisiya yatırılacaq turizm növlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Nazir hazırda Azərbaycan turizm sənayesinin daha da inkişafı üçün 2 və 3 ulduzlu hotellərin tikilməsinin gündəmdə olduğunu bildirib.

    Görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi