Bakı. 10 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 10-da Samux rayonunda vətəndaşları qəbul edib.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazir daha sonra rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib.
Samux rayon Mərkəzi kitabxanasına gələn Ə.Qarayevə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması məqsədilə həyata keçirilən işlər haqqında geniş məlumat verilib. Kitab fondu barədə ətraflı məlumat alan nazir bu il də kitabxananın lazımi yeni ədəbiyyatla təmin olunacağını bildirib.
Ə.Qarayev sonra Samux rayon uşaq musiqi məktəbinin fəaliyyəti ilə tanış olub. Nazir təhsil ocağında yaradılan şərait, tədris vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb. Məktəbin şagirdləri musiqi parçaları ifa edib.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.