Bakı. 18 dekabr. REPORT.AZ/ "Türk dövlətlərinin nümayəndələri olaraq heç zaman öz milli sərvətimizin, dəyərlərimizin birgə qorumaq siyasətini heç vaxt unutmamalıyıq. Hər kəs bilir ki, bu yaxınlarda bütün türk dövlətlərini kifayət qədər narahat edən səbəb olan YUNESKO-nun qeyri-maddi mədəni komissiyasının müzakirəsində bədnam qonşular tərəfindən mədəniyyət sahəsində müharibə aparıldı". "Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclasında etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi: "Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bununla da nail olduq ki, bu uydurma yalnız Ermənistanın daxilində fenomen kimi qəbul olundu və digər ölkələrə şamil olunmur. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalıb. Hər dəfə bu kimi hallarla qarşılaşırıq".