Yuxarı

Əbülfəs Qarayev ISESCO-nun baş direktoru ilə görüşüb

Əbdüləziz bin Osman əl-Tuveycrini aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəyini deyib

Bakı. 11 mart. REPORT.AZ/ Martın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Əbülfəs Qarayev Əbdüləziz bin Osman əl-Tuveycrini təkrar Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.

İSESCO ilə ölkəmiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, həm Heydər Əliyev Fondu, həm də nazirliklə qurulan faydalı əməkdaşlığın səmərəli olduğunu vurğulayan nazir Əbülfəs Qarayev bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

ISESCO-nun baş katibi Bakıya növbəti səfərindən razılığını qeyd edib. ISESKO Baş Assambleyasının keçən ilin noyabr ayında yüksək səviyyədə keçirildiyini və Azərbaycanın növbəti üç il müddətinə sədr seçildiyini qeyd edən İSESKO baş direktoru ölkəmizin islam dünyasında humanitar əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini bildirib.

Azərbaycanda keçirilən beynəlxalq Forumları əlamətdar hadisə kimi qiymətləndirən qonaq, Azərbaycanın bölgədə və dünyada sülhə və təhlükəsizliyə müsbət töhfə verdiyini vurğulayıb. İSESCO baş katibi ölkələr arasında mədəni əlaqələrin inkişafı istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti xanım Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edib.

İSESKO baş direktoru aprel ayında Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəyini və forum çərçivəsində keçiriləcək Bakı Prosesi sessiyasında tərəfdaşı kimi məmnuniyyətlə çıxış edəcəyini vurğulayıb.

Görüşün sonunda Prezident İlham Əliyevin İSESKO üzrə Milli Komissiyanın yaradılmasının ölkə rəhbərliyinin təşkilata olan yüksək münasibətinin ifadəsi olduğunu qeyd edən komissiyanın sədri nazir Əbülfəs Qarayev beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazadənin komissiyanın baş katibi təyin edilməsi barədə məktubunu baş direktora təqdim edib.

Görüşdən sonra nazir Əbülfəs Qarayev və İSESCO-nun baş katibi Muzey Mərkəzində Qusar rayonunun “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə bağlı mərasimdə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi