Əbülfəs Qarayev: "İslam mədəni irsinin qorunub saxlanması və təbliği önəmlidir"

Əbülfəs Qarayev: "İslam mədəni irsinin qorunub saxlanması və təbliği önəmlidir" Tədbirin sonunda COMCEC-in 30-cu Nazirlər Sessiyasının Bəyannamə layihəsi qəbul olunub
Mədəniyyət siyasəti
1 Dekabr , 2014 15:37
Əbülfəs Qarayev: İslam mədəni irsinin qorunub saxlanması və təbliği önəmlidir

Bakı.1 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu Sessiyası keçirilib.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin iclası zamanı İslam dövlətləri arasında turizm, ticarət, yoxsulluğun aradan qaldırılması, nəqliyyat və rabitə, maliyyə və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub, müxtəlif ölkələrin təcrübələri dinlənilib və müvafiq sənəd layihələri hazırlanıb. Tədbir çərçivəsində həmçinin COMCEC-in maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatı keçirilib.

Layihələr arasında yer alan Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi ən uğurlu layihə kimi qiymətləndirilib. 

Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən və 54 üzv ölkədən 350-dən çoxnümayəndənin qatıldığı tədbirdə Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

İclas zamanı xüsusi diqqəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə yönəldən Əbülfəs Qarayev işğal nəticəsində ölkənin böyük bir ərazisində mədəni irsin məhv edildiyini, turizm sahəsində mənfəət əldə etmək və inkişafa nail olmaq imkanlarının itirildiyini və Ermənistanın mədəni-tarixi irsimizə təcavüzü davam etdirdiyini bildirib. Bununla yanaşı, bəzən xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi və ya müstəqil dövlət olaraq təbliğ olunması barədə danışan nazir belə halların qarşısını almaq məqsədilə üzv ölkələri bu məsələyə diqqətli yanaşmağa və Azərbaycanın maraqlarını qorumağa çağırıb.

İslam mədəni irsinin qorunub saxlanmasının və təbliğinin önəmli olduğunu qeyd edən Ə.Qarayev təşkilata üzv ölkələri 2015-ci ildə Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib. Sessiyanın son günü İslam ölkələrinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və İslam ölkələrində inkişaf problemləri və 2015-ci ildən sonra inkişaf yolları mövzusunda müxtəlif panel-diskussiyalar keçirilib.

Son xəbərlər

Orphus sistemi