Bakı. 30 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser arasında görüş keçirilib.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Ali nümayəndə 2016-cı il aprelin 25-27-də Azərbaycanın BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə ev sahibliyi etdiyinə, habelə Prezident İlham Əliyevın bu tədbirin təşkilinə və Alyansa Azərbaycan Hökümətinin dəstəyinə görə təşəkkürünü bildirib.
Nazir Əbülfəs Qarayev BMT ali nümayəndəsinə ölkə rəhbərliyinin salamlarını çatdıraraq, bu il ərzində multikulturalizm ili çərçivəsində Sivilizasiyalar Alyansının qlobal məqsədlərinə uyğun olaraq silsilə tədbirlərinin keçirilməsini nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə, həmçinin 2017-ci ilin birinci rübündə Azərbaycan, BMT SA, Dünya Ərzaq Təşkilatı və Dünya Turizm Təşkilatı ilə İnkişaf üçün Davamlı Turizm Beynəlxalq ili çərçivəsində silsilə tədbirlərinin həyata keçirilməsi, həmçinin 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məqsədi ilə digər tərəfdaşlarla birgə hazırlıq işlərinin aparılması qərara alınıb.