Bakı. 29 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klarkla görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən “Report”a verilən xəbərə görə, görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib.
Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini qeyd edib.
H.Klark bu ilin aprel ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsi münasibəti ilə Ə.Qarayevi təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu deyib.
H.Klark, həmçinin 2014-cü ildə Azərbaycana səfər etdiyini, ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini xatırladaraq Azərbaycanın müasir inkişafının onda xoş təəssürat yaratdığını bildirib.
Ə.Qarayev UNDP ilə birgə turizm vasitəsi ilə davamlı inkişafa nail olmaq istiqamətində xüsusi ilə də 2017-ci ilin BMT tərəfindən elan edilən “Davamlı Turizm Beynalxalq ili” çərçivəsində birgə layihələrin keçirilməsində maraqların olduğunu qeyd edib.
Eyni zamanda, nazir BMT rəsmisinin diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması və bu münaqişə Azərbaycanın, eləcə də regionunun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir.
Ə.Qarayev H.Klarkı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.