Daşkənddə özbək dilində “Azərbaycanın mədəni irsi” kitabı çap edilib

Daşkənddə özbək dilində “Azərbaycanın mədəni irsi” kitabı çap edilib Kitabda Azərbaycanın milli rəqsləri, incəsənət nümunələri, milli mətbəx barədə məlumatlar əks olunub
Mədəniyyət siyasəti
18 Mart , 2016 19:36
Daşkənddə özbək dilində “Azərbaycanın mədəni irsi” kitabı çap edilib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı iki dilli (özbək və rus) kitab nəşr olunub

Səfirlikdən "Report"a verilən məlumata görə, sözügedən nəşr özbək dilində ilk layihədir ki, Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirir.

Kitabın tərcüməçisi və redaktoru tanınmış şair Usman Kuçkar, “Ön söz”ün müəllifləri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Nəşrin hazırlanmasında Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından da istifadə olunub.

Kitabda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş mədəni irs dəyərləri haqqında məlumat verilir.

Nəşrdə Azərbaycan xalça, muğam və aşıq sənəti, milli musiqi alətləri, Novruz bayramı, kəlağayılar, Lahıcdakı misgərlik sənəti, Çövkən oyunu, milli kulinariya nümunələri haqqında ətraflı məlumat verilir. Həmçinin “Köçəri”, “Yallı”, “Uzundərə”, “Turacı”, “Nəlbəki” və digər Azərbaycan xalq rəqsləri haqqında məlumatlar da yer alıb.

“Ön söz”də Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşayan insanların dəyərli maddi mədəniyyət nümunələri yaratdığı bildirilir.

Eyni zamanda, nəşrdə işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun tarixi abidələri və adət-ənənələri də əks olunub.

Son xəbərlər

Orphus sistemi