Budapeştdə Azərbaycan və Norveç musiqiçilərinin konserti olub

Budapeştdə Azərbaycan və Norveç musiqiçilərinin konserti olub Konsert Azərbaycan və Norveç səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutub
Mədəniyyət siyasəti
13 İyul , 2017 20:37
Budapeştdə Azərbaycan və Norveç musiqiçilərinin konserti olub

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində Bakı Musiqi Akademiyasının, Norveçin Grieg Academy təhsil müəssisələrinin məzunu Humay Qasımzadə (fortepiano) və Bakı Musiqi Akademiyasının məzunu Jalə Əliyevanın (violonçel) Azərbaycan və Norveç musiqisindən ibarət konserti təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, konsert Azərbaycan və Norveç səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan-Norveç əlaqələrinə dair fikirlərini bölüşmüş və bu tipli mədəni tədbirlərin qədim tarixə malik Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasında əhəmiyyətli olduğunu qeyd edib. Səfir Azərbaycan-Norveç münasibətlərinin heç vaxt yalnız neftlə məhdudlaşmadığını, humanitar-mənəvi həyatın müxtəlif sahələrini də əhatə etdiyini xüsusi vurğulayıb və bugünkü birgə konsertin də onun bir örnəyi olduğunu söyləyib.

Norveç səfiri Olav Berstad çıxışında 15 il öncə Norveçin Bakıdakı səfirliyində çalışdığını diqqətə çatdırıb və fəaliyyəti dövründə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirib. O, həmin dövrdə Bakıda təşkil olunan rəsmi tədbirlər çərçivəsində ümummilli lider Heydər Əliyevlə görüşmək imkanının olduğunu vurğulayaraq, keçmiş prezidentin dünya miqyasında görkəmli siyasi xadim olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin dərin bilicisi kimi xarakterizə edib və hazırda da ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət ayırdığını söyləyib.

İfaçılar konsert proqramına başlamazdan əvvəl bu il iyulun 4-də erməni silahlı qüvvələrinin növbəti təxribat əməlləri nəticəsində həyatını itirən iki yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonda Edvard Qriq, Fikrət Əmirov, başqa klassik və müasir bəstəkarların əsərlərindən parçalar səsləndirilib.

Son xəbərlər

Orphus sistemi