Bakı. 5 may. REPORT.AZ/ Nyu-Yorkda
BMT Baş Assambleyasının foyesində sərgilənən şəkillər arasında "Reyxstaq üzərində Qələbə bayrağı", 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradaı və Elba çayında Rusiya və ABŞ qoşunlarının məşhur görüşü əks olunan fotolar var. Həmçinin yaralı əsgərə qulluq edən tibb bacısı, Stalinqrad döyüşündə pulemyot atəşi, "Bakıdan - cəbhəyə!" Azərbaycan neftinin daşınması əks olunan fotolar da burada nümayiş olunub.
Sərginin ikinci hissəsində keçmiş Sovet İttifaqı respublikalarından olan 15 qəhrəmanın portretləri, o cümlədən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da portreti təqdim olunub.
BMT-də Qələbə Günü münasibətilə tədbirlər mayın 5-də davam etdiriləcək. Belə ki, səhər təşkilatın qərargahı ərazisində "Sülh və birlik ağacı" əkiləcək. Mərasimdə BMT baş katibi Pan Gi Mun, Baş Assambleyanın sədri Sem Kutesa və BMT-yə üzv 45 ölkənin daimi nümayəndələri iştirak edəcək. Bundan sonra Baş Assambleyanın zalında II Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümü münasibətilə təntənəli iclas keçiriləcək.