BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri gedir

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri gedir Forum çərçivəsində görülən işlər müzakirə olunur
Mədəniyyət siyasəti
22 Fevral , 2016 20:40
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri gedir

Bakı. 22 fevral. REPORT.AZ/ BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Prezident İlham Əliyev 2015-ci ilin 24 iyul tarixində sərəncam imzalayıb və Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin edilib.

“İnkluziv cəmiyyətlərdə birgəyaşama; Çağırış və məqsəd” şüarı altında keçiriləcək forum çərçivəsində 40-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur.

Dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət xadimləri, nazirlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamlardan təqribən 3000 nəfərdən çox şəxsin qatılacağı Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Açılış məraimindən əvvəlki gündə - aprelin 25-də Gənclər Forumu və Biznes simpoziumun keçirilməsi planlaşdırılır və əsas proqramla yanaşı forum günlərində BMT Sivilizasiya Alyansının tərəfdaşlarının 15-dən çox sessiyaları baş tutacaq.

2015-ci il avqustun 27-də keçirilmiş Təşkilat Komitəsinin birinci iclasında tədbirə hazırlıqla bağlı dövlət qurumlarının vəzifələri müzakirə edilib.

2015-ci il sentyabrın 8-12-də BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Nümayəndə heyəti ilə keçirilmiş görüşdə Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçıları, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, Azərbaycanla BMTSA arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə həyəti Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində görüşlər keçirib.

2015-ci il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında BMT-nin baş katibi Pan Gi Moon və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə forumun və ölkəmizin təqdimatı keçirilib.

İclasda həm BMT rəhbərliyi həm də üzv ölkələrin rəsmiləri tərəfindən tədbirə ev sahibliyi edəcəyinə görə Azərbaycan hökumətinə təşəkkür edilib.

2015-ci il oktyabrın 24-də Böyük Britaniyanın London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl-Nasser ilə görüş keçirilib və görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsinə dair Saziş” imzalanıb.

2016-cı il 25-27 apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna təşkilatın ən yüksək səviyyədə hazırlaşdığını qeyd edib. Sözügedən saziş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il dekabrın 24-də imzaladığı sərəncamı ilə təsdiq edilib.

2016-cı il yanvarın 15-də BMT-nin Baş Qərargahında BMT Sivilizasiyalar Alyansı üzrə milli əlaqələndiricilərin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda keçirilmiş toplantısında forumun rəsmi internet səhifəsinin, təşkilatı məsələlərin vəziyyəti təqdim edilmiş və Azərbaycan haqqında film nümayiş etdirilib.

Təşkilat Komitəsi BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abduləziz əl-Nasser və katibliyin nümayəndələri ilə görüşlər keçirilib. BMT-nin ali nümayəndəsi Nassir Abdulaziz Al Nasser BMT Sivilizasiyalar Alyansına maliyyə yardımına, həmçinin beynəlxalq səviyyədə dialoq və əməkdaşlığa töhfələrinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Forumun tədbirlər planının müzakirə edilməsi məqsədilə yanvarın 27-də Təşkilat Komitəsinin ikinci iclası keçirilib. İclasının yekunu olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planı 2016-cı fevralın 18-də Prezident Administrasiyasının rəhbəri tərəfindən təsdiq edilərək aiddyyəti dovlət qurumlarına göndərilib.

Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) forumun rəsmi media tərəfdaşlarıdır.

BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti fevralın 21-27-də Bakıya səfərə gəlib. BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saadın rəhbərliyi ilə 13 nəfərlik nümayəndə heyəti bir həftə müddətində paytaxtımızda olacaq.

Səfər çərçivəsində BMT nümayəndə heyəti forumun keçiriləcəyi məkanlar olan Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzinə baxış keçirilib, forumun Təşkilat Komitəsinin iclasında iştirak edilib, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyində görüşlərin keçirilməsi, habelə Bakı Dövlət Universitetində və "ADA" Universitetində təqdimatlarla çıxış etməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi