Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin 6 il müddətində sədri vəzifəsinə təsdiqlənib
Mədəniyyət siyasəti
22 İyun , 2016 18:55
Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ Milli İncəsənət Muzeyində iyunun 22-də Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə UNESCO arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb və bildirib ki, İCOM muzey və muzey mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır. İCOM UNESCO-nun tərəfdaşıdır və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malikdir. 

Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən qurulması istiqamətində görülmüş işlərdən danışan nazir müavini son illərdə Prezident İlham Əliyevin bu sahənin inkişafına təkan verən 15-dən çox sərəncamın imzalandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanda 250 muzey fəaliyyət göstərir və bunların 219-u Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Nazirlik İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətinə hər zaman dəstək olub və bundan sonra da köməyini əsirgəməyəcək. Göstərilən diqqət sayəsində muzeylərimizin beynəlxalq əlaqələri son dövrdə daha genişlənib: “Sevindirici haldır ki, regionlarda fəaliyyət göstərən 32 muzey də artıq İCOM-un üzvüdür. Muzey işçilərinin əsas məqsədi milli irsimizi qorumaq və təbliğ etməkdir. Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, muzeylərin fəaliyyətinə, bərpasına xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə fəaliyyətə başlayan Daş Salnamə Muzeyi, Müasir İncəsənət Muzeyi və digərləri xalqımızın tarixinin qorunmasına və təbliğinə xidmət edir”.

İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən Sevda Məmmədəliyeva toplantının işinə uğurlar arzulayıb.

İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva qurumun 3 illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırıb. Bildirilib ki, 1993-cü ildən İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Hazırda milli komitənin respublikanın 38 muzey və 7 digər müəssisəsindən 61 fərdi və 3 kollektiv üzvü vardır. Milli komitə yarandığı gündən muzeylərimizin beynəlxalq arenaya çıxması, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsi, mədəni irsin qorunub saxlanılması, dünyaya tanıdılması və mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması sahəsində mütəmadi iş aparıb, konfranslar, seminarlar təşkil edib. Hesabat ili ərzində milli komitə tərəfindən muzey sahəsində bir çox layihələr hazırlanıb və maraqla qarşılanıb.

Daha sonra növbəti 6 il müddətində İCOM Azərbaycan Milli Komitəsinə yeni sədrin seçilməsi müzakirə olunub. Rəyasət heyətinin yekdil qərarı ilə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin sədri vəzifəsinə təsdiq edilib. 

Son xəbərlər

Orphus sistemi