Yuxarı

Beşinci “Muğam televiziya müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

Heydər Əliyev Mərkəzində beşinci “Muğam televiziya müsabiqəsi”nə yekun vurulub

Bakı. 30 May. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində beşinci “Muğam televiziya müsabiqəsi”nə yekun vurulub. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib.

Fevral ayında başlayan və dörd ay davam edən 5-ci Muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir 5-ci Muğam müsabiqəsinin iştirakçılarının çıxışları ilə başlayıb.

Münsiflər heyətinin rəyinə əsasən, yarışmanın qalibi Nisbət Sədrayeva seçilib. İkinci və üçüncü yerlərə isə uyğun olaraq Məhəbbət Səfərov və Sədəf Budaqova layiq görülüblər. Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən Azərbaycan Respublikasının Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinə verdiyi yüksək dəyərə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından müsabiqədə iştirak etmək üçün 20 gənc ifaçı seçilmişdi. Gənc ifaçıların çıxışları muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin şərtlərinə görə, iştirakçılara münsiflər heyəti tərəfindən verilən ballar toplanır və ən az səs yığmış iştirakçı həmin həftə müsabiqəni tərk edirdi.

Bu ilin fevral ayından başlayan müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və Radiosu və “Mədəniyyət” telekanalında birbaşa yayımlanıb.

Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi