​Belarusda “Xalqlar dostluğu” VIII yaradıcılıq festivalı keçirilib

​Belarusda “Xalqlar dostluğu” VIII yaradıcılıq festivalı keçirilib Azərbaycan rəqsinin ifaçıları I dərəcəli diplom ilə mükafatlandırılıblar
Mədəniyyət siyasəti
29 Mart , 2015 20:37
​Belarusda “Xalqlar dostluğu” VIII yaradıcılıq festivalı keçirilib

Bakı. 29 mart. REPORT.AZ/ “Belarus-Rusiya Universiteti” (BRU) təhsil müəssisəsinin və Rusiya Federasiyasının “Russki dom” ictimai təşkilatının dəstəyi ilə Mogilyovda əcnəbi tələbələrin “Xalqlar dostluğu” VIII yaradıcılıq festivalı keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın şərtlərinə görə, burada Belarusun təhsil sistemi müxtəlif olan bütün ali məktəblərinin tələbələri iştirak edə bilərdi. Müsabiqədə müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Qana, Gürcüstan, Qazaxıstan, Çin, Nepal, Nigeriya, Rusiya Federasiyası, Suriya, Tacikistan, Türkmənistan və Şri-Lankanın nümayəndələri təmsil olunublar.

Belarus Dövlət İqtisad Universitetinin (BDİU) tələbələri, ölkədə fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin gənclər bölməsinin üzvləri Süzanna Ağayeva və Fuad Məmmədov Azərbaycan rəqsi ifa ediblər. Rəqs zamanı monitorda Azərbaycanın əsas görməli yerləri nümayiş etdirilib.

Festival iki mərhələdə keçirilib. Münsiflər heyəti müsabiqənin ilk günü iştirakçıların təqdim etdikləri yaradıcılıq nömrələri ilə tanış olublar və ən yaxşı çıxışları seçiblər. Seçim mərhələsi başa çatandan sonra gənclər tamaşaçı qismində Mogilyov Dövlət Universitetində istedadların müsabiqəsinə dəvət ediliblər. Tədbir festival gecəsi və şirniyyat masası ilə başa çatıb. Gözəl vaxt keçirən iştirakçılar özlərinə yeni dostlar tapıblar.

Festivalın ikinci günü qala-konsertlə yadda qalıb. Konsertdə bir gün əvvəl seçilmiş nömrələr nümayiş etdirilib, qaliblər mükafatlandırılıb. Azərbaycan rəqsinin ifaçıları I dərəcəli diplom ilə mükafatlandırılıblar. Onlara diplomu Belarus-Rusiya Universitetinin dekanı İqor Sazonov təqdim edib.

BDİU-nun nümayəndə heyətini Azərbaycandan olan gənclərlə bərabər, Türkmənistan nümayəndələri də təmsil ediblər. Onlar da müxtəlif nominasiyalarda yüksək mükafatlara layiq görülüblər.

BDİU-nun nümayəndələrinin festivaldakı uğurları doğma ali məktəbdə qeyd edilib.

Gənclər bu səfərdə gözəl təcrübə qazanıblar. Onlar çıxış etməklə yanaşı, yeni dostlar qazanıblar, Belarusda gəzib-dolaşıblar, Mogilyovda unudulmaz günlər keçiriblər.

Son xəbərlər

Orphus sistemi