Yuxarı

Yaponiyanın “VA-LİQA” musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış edib

Konsert “Gündoğar ölkə ilə Odlar Yurdunun qovuşması” adı altında keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın “VA-LİQA” musiqi qrupu Azərbaycanın muğam ifaçıları ilə birgə konsert proqramı ilə çıxış edib. “Report” xəbər verir ki, Yaponiyanın Bakıdakı səfirliyi və JTI (Japan Tobacco International) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsert “Gündoğar ölkə ilə Odlar Yurdunun qovuşması” adı altında təqdim edilib.

Konsertdə ilk olaraq çıxış edən Yaponiya səfiri Tsuquo Takahaşi Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətləri haqda danışıb. Səfir bildirib ki, konsert proqramı zamanı yapon ənənəvi musiqi alətlərinin müşayiəti ilə “minyo” folklor musiqisi ifa ediləcək: “Minyo Azərbaycanın milli muğamı ilə çox bənzərdir. Azərbaycan və Yaponiya arasında uzun coğrafi məsafəyə baxmayaraq, hər iki ölkə qədim İpək yolu üzərində yerləşdiyi üçün onlar arasında mədəniyyət oxşarlığı mövcuddur”.

Daha sonra konsertdə “VA-LİQA” musiqi qrupu Yaponiyanın tsuqaru şamisen simli aləti və şakuhaçi nəfəs aləti, o cümlədən milli muğamımıza bənzəyən “minyo" folklor mahnısını təqdim edib.

Konsertin ən maraqlı və yadda qalan hissəsi şakuhaçi nəfəs aləti ilə Azərbaycanın dövlət himninin səsləndirilməsi olub. İfa zamanı bütün zal ayağa qalxaraq, yaponiyalı musiqiçini canlı müşayiət ediblər. Bundan başqa, konsertdə yapon sənətçilər - Kikuçi Kouzan, Masanori Tsubaki və Omodaki Akiko Zeynəb Xanlarovanın Yaponiyada konsert verdiyi zaman ifa etdiyi musiqini də səsləndiriblər. Konsert zamanı yaponiyalı musiqiçilər ilə Azərbaycanın “Muğam Trio” qrupunun xanəndələri də çıxış ediblər. Proqramın sonunda hər iki ölkənin musiqiçiləri birgə “Lalələr” Azərbaycan mahnısını səsləndiriblər.

Qeyd edək ki, “VA-LİQA” musiqi qrupu indiyədək dünyanın müxtəlif ölkələrində 300-dən artıq çıxışlar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi