Yuxarı

Bakıda Novruz şənliyi Qız Qalasından start götürəcək

Təntənəli bayram şənliyi martın 19-da keçiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Martın 19-da Bakıda Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, bu məqsədlə martın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təntənəli Novruz şənliyinin baş məşqi keçirilib.

Qız Qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında sona çatacaq.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bayram tədbirinin hazırlıq işləri ilə tanış olub və jurnalistlərə Novruz tədbiri ilə bağlı geniş açıqlama verib: "Hər il Azərbaycanda martın 19-da Novruz bayramı dövlət səviyyəsində qeyd edilir. Bu il də istisna deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Bakıda və Azərbaycanda Novruz bayramı ümumxalq bayramı səviyyəsində qeyd ediləcək. Dünən möhtərəm Prezidentimiz Novruz bayramı münasibətilə Azərbaycan xalqına bayram təbrikini ünvanladı. Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Min illərdən bəri tarixi olan Novruz bayramı tarixin süzgəcindən keçərək bu günədək gəlib çatıb. Bu il keçiriləcək Novruz bayramında Mədəniyyət və Turizm Nazirliyi, İçərişəhər Dövlət-Tarixi Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Gənclər və İdman Nazirliyi, Formula 1 təşkilatçıları, Kənd Təsərrüfatı Nazirliyi bu tədbirlərdə yaxından iştirak edirlər. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti, AzTV Qapalı Səhmdar Cəmiyyəti də bayram tədbirlərində yaxından iştirak edir".

Nazir müavini deyib ki, tədbir bütün gün Milli Parkda davam edəcək: "Azərbaycan paytaxtından və ölkənin müxtəlif rayonlarından dəvət ediləcək kollektivlər Bakı bulvarında çıxış edəcəklər. Tədbir üçün yüzlərlə, minlərlə rekvizitlər hazırlanıb. İnsanların həmin gün gözəl istirahətini təşkil etmək üçün müxtəlif imkanlar yaradılıb. Tədbirin sonu Saat qülləsinin qarşısında saat 11:00-dan axşam saat 17:00-dək canlı konsert proqramı olacaq. Axşam saat 19:30-dan isə "Mədəniyyət" telekanalı vasitəsilə bayram konserti canlı yayımlanacaq. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi bayramla əlaqədar Bulvar ərazisində kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil edəcək. Həmin "Şərq bazarı" yarmarkası 3 gün davam edəcək. Finalda isə Müdafiə Nazirliyinin Hərbi orkestri, Nəfəsli alətlər orkestri, Xor Kapellasının üzvləri çıxış edəcəklər. Bayram münasibətilə Bakı şəhərində fəaliyyət göstərən teatrlarda uşaqlar üçün maraqlı bayram tamaşaları nümayiş etdiriləcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi