Bakıda Koreya musiqisi festivalı keçirilir

Bakıda Koreya musiqisi festivalı keçirilir Bakıda “k-pop” musiqi festivalı keçirilir.
Mədəniyyət siyasəti
27 May , 2022 15:19
Bakıda Koreya musiqisi festivalı keçirilir

Bakıda “k-pop” musiqi festivalı keçirilir.

“Report” xəbər verir ki, tədbir Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Festivalı giriş sözü ilə açan Koreyanın ölkəmizdəki səfiri Lee Eun Yong deyib ki, festival ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirilir.

Onun sözlərinə görə, “k-pop” musiqi festivalı hər il Bakıda keçirilir, lakin son iki ildə pandemiya səbəbindən baş tutmayıb.

Koreyalı diplomat bildirib ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində səfirlik həmçinin iyunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından və Koreyanın bir neçə elmi-tədqiqat mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən Qəbələdə 10 il ərzində aparılmış arxeoloji qazıntıların nəticələrinin müzakirə olunacağı arxeoloji seminar təşkil etməyi də planlaşdırır. Eyni zamanda, iyunda taekvondo çempionatının, iyulda Bakıda humanitar seminarın və oktyabrda milli Koreya geyimlərinin nümayişinin keçirilməsi gözlənilir.

“K-pop” musiqi festivalı zamanı onun iştirakçıları “k-pop” üslubunda öz vokal və rəqs nömrələrini nümayiş etdirəcəklər. Sonda münsiflər 9 müsabiqə iştirakçısı arasından ən yaxşısını müəyyən edəcək.

Qeyd edək ki, “k-pop” (İngilis dilindəki “Korean pop” ifadəsindəndir – red.) Cənubi Koreyada yaranan və Qərbin elektropop, hip-hop, rəqs musiqisi və müasir ritm və blüz elementlərini özündə birləşdirən musiqi janrıdır. Musiqi janrı kimi ərsəyə gələn “k-pop” dünyada milyonlarla gənc pərəstişkarı ilə kütləvi musiqi alt mədəniyyətinə çevrilib.

Son xəbərlər

Orphus sistemi