Bakıda “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunub

Bakıda “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunub Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir çərçivəsində ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin illik plenar konfransı keçirilib.
Mədəniyyət siyasəti
15 Dekabr , 2017 20:13
Bakıda “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir çərçivəsində ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin illik plenar konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda ICOM Azərbaycan Milli Komitəsinin üzvləri iştirak ediblər.

ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova konfransın plenar iclasında çıxış edərək qurumun 25 illik tarixindən danışıb. O bildirib ki, ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib, həmin il təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Postsovet məkanında ilk milli komitənin məhz Azərbaycanda yaradıldığını vurğulayan Şirin Məlikova 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurasının 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsinin rəsmi olaraq təsdiq edildiyini deyib. Milli Komitənin 25 il ərzində fəaliyyətinin genişləndiyini bildirən Şirin Məlikova 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan qurumun hazırda 106 nəfər fərdi və 2 institutsional üzvü olduğunu diqqətə çatdırıb. Onların 39 muzeyi, o cümlədən Bakıda 26, regionlarda 13 muzeyi və 17 digər təşkilatı təmsil etdiyini də bildirib. 

“ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir”, - deyə Şirin Məlikova qeyd edib.

O, Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırıb. Milli Komitənin prioritetlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

Şirin Məlikova bildirib ki, ICOM hər şeydən əvvəl muzeyə, eləcə də əməkdaşlara praktiki xeyir gətirən məsləhətlər, dəstəklər, birgə layihələrin keçirilməsi, bir-biri ilə əlaqədə olaraq birgə əməkdaşlıqdan bir çox imkanlar əldə edən, muzey işində çalışan peşəkarların cəmiyyətidir. Milli komitə bütün Azərbaycanda muzey işində peşəkarları bir-biri ilə birləşdirir və eyni zamanda bir-birinə kömək edərək inkişaf edə, bilik və təcrübə mübadiləsi aparıla bilər, kadrların hazırlanması üzrə birgə proqramlar, sərgi, maarifləndirici və digər sferalarda muzey layihələri həyata keçirilə bilər. Bu istiqamətdə Milli Komitənin fəaliyyətinə toxunan Şirin Məlikova deyib ki, beynəlxalq arenada biz öz ölkəmizi təqdim etməli, muzey fəaliyyətimizin keyfiyyətini göstərməli, kolleksiyamızı nümayiş etdirməli, Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etməli, ölkəmizin müsbət imicini formalaşdırmalıyıq. Beynəlxalq mütəxəssisləri ölkəmizə cəlb etmək, Bakıda və ölkənin regionlarında illik konfransların keçirilməsinə imkan yaratmaq məqsədi ilə beynəlxalq konfransların işində təşəbbüs göstərmək, beynəlxalq komitələrin heyətinə seçilməyə çalışmaq lazımdır. O vurğulayıb ki, muzeylər bu gün öz ölkəsinin ictimai həyatında aktiv iştirak etməlidir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin direktoru Cavid Kazımov plenar iclasda çıxış edərək konfransın işində və Milli Komitənin gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə İCOM-un prezidenti Suay Aksoyun və xarici işlər naziri Elmar Məmmədyarovun “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi ilə bağlı təbrik məktubu səsləndirilib.

Konfransda ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş veb-saytının təqdimatı olub.

Sonra ICOM Azərbaycan Milli Komitəsinin üç nəfər fəal üzvü diplomlarla təltif ediliblər.

Plenar iclasdan sonra konfrans öz işini davam etdirib. Konfransda ICOM Azərbaycan Milli Komitəsinin ən fəal üzvləri təqdimatlarla çıxış ediblər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “25 il ərzində fəaliyyətimin nəticəsi: iki beynəlxalq komitənin idarə heyətinin üzvü necə seçildim”, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun əməkdaşları İradə Qasımova və Həcər Alxasova “Arxeologiya və Tarix Muzeyləri və Kolleksiyaları üzrə Beynəxlaq Komitənin (ICMAH) İllik Konfransının Bakıda keçirilməsinin tarixçəsi (4-6 oktyabr 2017)”, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Məhfuzə Zeynalova “Tarix Muzeyi və ICOM”, “QALA” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Məlahət Fərəcova “Çəkinmə, özünü bir daha sına!”, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova “Şəhər Muzeylərinin Kolleksiya və Fəaliyyətləri üzrə Beynəlxalq Komitə (CAMOC) ilə uzun və faydalı əməkdaşlığım”, “QƏSR Mədəni İrsin və Tarixi Abidələrini Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini Pərvin Gözəlov “Mədəni irsin tədqiq və təbliğində ICOM Azərbaycan Milli Komitəsinin əhəmiyyəti”, Azərbaycan Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalova “ICOM-un qrantları haqqında məlumat” mövzularında çıxışlarını təqdim ediblər.

Konfrans zamanı ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş Nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olunub.

Konfransın sonunda Azərbaycanın milli musiqi aləti olan kamançanın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə əlaqədar Muzey Mərkəzində “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” adlı tədbir və Muzey Mərkəzinin sərgi qalereyasında “Mələyin qanadları” adlı gürcü kukla rəssamlarının sərgisi keçirilib.

Son xəbərlər

Orphus sistemi