Bakıda ənənəvi "Avropa Şəhərciyi" festivalı keçiriləcək

Bakıda ənənəvi "Avropa Şəhərciyi" festivalı keçiriləcək Bakı. 24 may. REPORT.AZ/ İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi” festivalı keçiriləcək.
Mədəniyyət siyasəti
24 May , 2018 18:28
Bakıda ənənəvi Avropa Şəhərciyi festivalı keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi” festivalı keçiriləcək.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Avropa Şəhərciyi 2018” Aİ və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat almaq istəyən insanlar üçün ideal fürsət olacaq.

Ənənəvi olaraq, Avropa Şəhərciyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Tədbirə təşkilati dəstəyi “Caspian Event Organisers” (CEO) şirkəti göstərir.

Avropa Şəhərciyi günorta saat 12:00-dan etibarən ziyarətçilər üçün açıq olacaq. Builki festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa Şəhərciyində Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), 3D qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək. AFFA tərəfindən təşkil edilmiş xüsusi meydançada isə dostlarla xoş vaxt keçirmək və futbolçularla qol vurmaq mümkün olacaq. Bundan başqa, festivalın qonaqları “paelya” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar.

Avropa Şəhərciyində ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşı qismində çıxış edəcək.

Avropa Şəhərciyində A.N.Ələkbərov adına Azərbaycan Dövlət İncəsənət Gimnaziyası da iştirak edəcək və gimnaziyanın şagirdləri tədbirdə gips və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, festivalda dulusçuluq işi üzrə ustad dərslərinə də qatılmaq fürsəti olacaq.

Ənənəvi olaraq, Avropa Şəhərciyində uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə isə xüsusi mükafatlar təqdim olunacaq. Avropa Şəhərciyi qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi