Bakı. 13 aprel. REPORT.AZ/ Koreya Respublikasının Azərbaycandakı Səfirliyi “Bakı K-pop festivalı” təşkil edəcək.
"Report"a səfirlikdən verilən məlumata görə, festival Koreya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində aprelin 29-də Bakı Dövlət Universitetində keçiriləcək.
Tədbirdə K-pop müsabiqəsi ilə yanaşı, azərbaycanlı müğənninin təbrik ifası, biletlər əsasında lotereya və Koreyaya dair fotosərginin təşkili planlaşdırılır.
Bu il dördüncü dəfə keçiriləcək müsabiqədə ötən il 21 komanda tərkibində 37 nəfər uğurla iştirak edib.
Bakı K-pop Festivalında ifa etmək istəyən şəxslər Koreya səfirliyinə elektron ünvan vasitəsilə müraciət edə bilərlər. Müraciət edən şəxslərin ilkin dəyərləndirilməsindən sonra 10 komanda seçilərək aprelin 29-da öz ifaları ilə müsabiqəyə qoşulmaq hüququ qazanacaqlar. İştirakçılara və qaliblərə mükafatlar və diplomların verilməsi nəzərdə tutulur.
Həmçinin qalib komandanın Koreyada keçiriləcək 2017-ci il Dünya K-pop Festivalında iştirak üçün namizədliyi irəli sürüləcək. Əlavə olaraq, birinci yeri tutan komandaya 1000 manat, ikinci və üçüncü yerləri tutan komandalara isə 500 manat mükafat təqdim ediləcək, digər iştirakçılara isə hədiyyələr təqdim olunacaq.
Müsabiqədə K-pop-a maraq göstərən istənilən Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirak etmək istəyən şəxslərin aprelin 10-dan 23-dək doldurulmuş qeydiyyat forma və ifa edəcəkləri rəqs yaxud mahnının video çarxını [email protected] elektron ünvan vasitəsilə (mövzu hissəsinə “K-pop Festivalı” yazaraq) göndərilməsi, yaxud birbaşa səfirliyə gələrək təqdim edilməsi xahiş olunur.