Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektiv iştirak edəcək
Mədəniyyət siyasəti
16 Sentyabr , 2014 17:43
Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Fonddan Report-a verilən məlumatına görə, festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi və kollektiv iştirak edəcək. 

Onların arasında Belarus Respublikasının Dövlət Kamera Orkestri, “Arirang” nəfəs alətləri kvinteti, “Avstraliyanın gənc virtuozları” ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, Azərbaycanın tanınmış incəsənət ustaları, gənc istedadlı musiqiçilər və digərləri var.

Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət kamera və orqan musiqisi zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində keçiriləcək.

Festival çərçivəsində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.

Həmin günlərdə musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın “Fiqaronun toyu” operasının premyerası nümayiş olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans, “Trio-klassik” ansamblının konserti və “Muğam Ensiklopediyası”nın (rus dilində nəşri) təqdimat mərasimi də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi