​Azərbaycanlı gənc vokalçı Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub

​Azərbaycanlı gənc vokalçı Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub Emin Eminzadə bu akademiyaya daxil olan ilk azərbaycanlıdır
Mədəniyyət siyasəti
10 İyun , 2015 15:21
​Azərbaycanlı gənc vokalçı Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın gənc vokalçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Emin Eminzadə Amerika Musiqili və Dramatik Akademiyasına (American Musical and Dramatic Academy - AMDA) daxil olub. Bu barədə “Report”a Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən məlumat verilib.

Emin Eminzadə indiyədək ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”da təhsil alırdı. O, artıq ABŞ-dakı birillik təhsilini başa vuraraq Vətənə dönür. Ancaq Amerikada təhsil aldığı bir il əzində Emin Eminzadə sənədlərini AMDA-ya verərək ən yüksək balla akademiyaya qəbul olunub. ABŞ-ın iki böyük şəhəri – Los-Anceles və Nyu-Yorkda mərkəzləşən AMDA-da məşhur müğənni Ceyson Derulo (Jason Derulo), aktyor Cesi Teylor Fergyuson (Jesse Tyler Ferguson), aktrisa Nina Aryaanda (Nina Arianda), Sem Andervud (Sam Underwood), Trey Bayers (Trai Byers), Rizvan Manci (Rizwan Manji), Li Tergesen (Lee Tergesen) və başqaları təhsil alıb. Emin Eminzadə də Amerika Musiqili və Dramatik Akademiyasına daxil olan ilk azərbaycanlıdır. 18 yaşlı Emin Eminzadənin müəllimi və məsləhətçisi, SSRİ xalq artisti, professor Fidan Qasımovadır.

Qeyd edək ki, Emin Eminzadənin repertuarında türk, rus ingilis, italyan və ispan dillərində mahnılar var və bu dillərdə sərbəst danışır.

Xatırladaq ki, Emin Eminzadə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin vokal şöbəsini bitirib. Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012), 16 yaşında Qazaxıstanda (2013) və 16 yaşında Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Баку” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində Emin Eminzadənin uğurlarına verilən qiymət kimi “Большие Надежды” adlı məqalə dərc olunub.

Son xəbərlər

Orphus sistemi