Yuxarı
    Bağlamaq

    ​Azərbaycanla Serbiya arasında rejissor, aktyor, rəssam və pyes mübadilələri olacaq

    Səfir “Nazirin xanımı” tamaşasına baxıb

    Bakı. 19 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçi qəbul edib. Bu barədə “Report”a teatrın mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov səfirə Azərbaycan teatrı haqqında məlumat verib, son illər ərzində ölkədə teatr sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

    Neboyşa Rodiç Serbiya hökümətinin hər zaman Azərbaycan ilə sıx əlaqələr qurmaq istədiyini, iki xalq arasında yaxın dostluq münasibətlərinin olduğunu vurğulayıb. Diplomat bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələrindən rəsmilərin, dövlət və hökumət başçılarının bir araya gələrək önəmli mövzuları müzakirə etdiyi bir məkana çevrildiyini xüsusi qeyd edib. Səfir Azərbaycanla müxətlif sferalarda, eləcə də mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında Serbiya hökumətinin maraqlı olduğunu dilə gətirib.

    Görüşdə əldə olunan ilkin razılığa əsasən, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. Görüşdən sonra qonaqlar Akademik Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasına baxıb.

    Serb dramaturqun pyesinin Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulmasından məmnunluğunu bildirən səfir tamaşa haqqında xoş sözlər söyləyib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi