Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanla Çin arasında mədəni əməkdaşlığa dair protokol imzalanacaq.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, bunu Şenyanq Əyaləti Xalq Hökumətinin Xarici İşlər İdarəsinin Ölkədən Xaricdə Çin Məsələləri üzrə Şenyanq Ofisinin direktoru Vanq Jinqyinqin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə keçirilən görüş zamanı Nazirliyin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib.
O, ölkələr arasında mədəni əməkdaşlığa dair müvafiq müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2022-ci illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol” layihəsinin imzalanması istiqamətində iş aparıldığını bildirib. Sözügedən protokolun Azərbaycan ilə Çin və onun ayrı-ayrı regionları arasında əməkdaşlığa böyük töhfə verəcəyini qeyd edib.
V.Eyvazzadə Çin və Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzv olduqlarını və təşkilat çərçivəsində six əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Şenyanqda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını təklif edən V.Jinqyinq bu istiqamətdə Şenyanq Əyaləti Hökumətinin bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. Mədəni əməkdaşlıq, xalqlararası anlaşma və mübadilənin genişləndirilməsi baxımından sözügedən məsələnin əhəmiyyəti qeyd olundu və müvafiq daxili mexanizmlər aydınlaşdırıldıqdan sonra Çin tərəfinə rəsmi rəy bildiriləcəyi diqqətə çatdırılıb.