Yuxarı
    Bağlamaq

    Azərbaycanın simfonik orkestri Almaniyada festivalda iştirak edib

    Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədov atasının məşhur musiqi əsəri Azərbaycanı ifa edib

    Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada qastrol səfərində olub. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, səfər avqustun 4-dən 11-dək davam edib. 

    Azərbaycanın simfonik orkestrı Bavariyanın kurort şəhəri İmmlinqdə keçirilən XIX Qut-İmmlinq beynəlxalq opera sənəti və musiqi festivalında çıxış edib. Simfonik orkestr festivalın yekun qala-konsertində iştirak etmək üçün dəvət olunub. 

    Avqustun 9-da baş tutan qala-konsertin açılışı zamanı onun rəhbəri və əsas təşkilatçısı Lüdviq Bauman bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alır. Diqqətə çatdırılıb ki, bu, ilk növbədə orkestrin yüksək peşəkarlığı və ümumiyyətlə, Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir.

    Festivalda gənc dirijor-xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri "Azərbaycan"ı və Qaetano Donisettinin "Sevgi şərbəti" operasından parçanı ifa edib.

    Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, qala-konsertdə gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin "Yeddi gözəl" baletindən valsı, Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" hissəsini, Niyazinin "Qaytağı"sı və Qara Qarayevin "Pavana"sını təqdim edib.

    Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb.

    Qeyd edək ki, festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dəfələrlə tamaşaları idarə edib, bütövlükdə teatrın peşəkarlıq səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi musiqiçilərimizin Bavariyada keçirilən festivala dəvət olunmasının təşəbbüsçüsüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi