Buxarest. 26 mart. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Qanadlar” beynəlxalq film festivalı başa çatıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, festival çərçivəsində kinosevərlər Azərbaycan istehsalı olan daha iki filmi seyr ediblər. Paytaxtın “Eforie” kinoteatrında göstərilən “Niyyət” və “Dərs” filmləri (rumın və ingilis alt yazıları ilə) yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, martın 23-də festivalda "Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filmi də nümayiş olunub.
Martın 21-dən 26-dək davam edən beynəlxalq film festivalı Rumıniyada fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzi və bu ölkədə akkreditə olunan MDB ölkələri səfirliklərinin təşkilatçılığı ilə baş tutub. Altı gün ərzində festivalda Rusiya, Rumıniya, Azərbaycan, Belarus və Qazaxıstan istehsalı olan ümumilikdə 15-dən çox film nümayiş olunub.