Azərbaycanın nazir müavini Avstriyanın fəxri xaç ordeni ilə təltif olunub

Azərbaycanın nazir müavini Avstriyanın fəxri xaç ordeni ilə təltif olunub Mükafatı Avstriya parlamentinin ikinci prezidenti Karleinz Kopf təqdim edib
Mədəniyyət siyasəti
14 İyun , 2015 16:47
Azərbaycanın nazir müavini Avstriyanın fəxri xaç ordeni ilə təltif olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif olunub. 

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, Bakıda səfərdə olan Avstriya parlamentinin ikinci prezidenti Karleinz Kopf ordeni Sevda Məmmədəliyevaya təqdim edib. 

Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex mərasimdə bildirib ki, S.Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində vacib işlər görüb. Diplomat buna görə nazir müavininə təşəkkürünü bildirib. O, Avstriya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın gələcəkdə daha da intensivləşəcəyinə inamını ifadə edib.

Avstriya parlamentinin ikinci prezidenti Karlheinz Kopf ölkəsi ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirib və gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu deyib. 

O, iki ölkə arasında bir çox sahələrdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın intensivliyinin artdığını, təşkil edilən müxtəlif mədəni tədbirlərin bunun göstəricisi olduğunu vurğulayıb. K.Kopf nazir müavini Sevda Məmmədəliyevaya iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən dəstəklənməsində göstərdiyi səylərə görə özü və Avstriya hökuməti adından təşəkkür edib.

S.Məmmədəliyeva öz növbəsində xoş sözlərə görə təşəkkür edərək, Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlığın iki ölkənin dostluğunun göstəricisi olduğunu bildirib. Nazir müavini ordenlə təltif olunmasının Bakıda I Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf etməsinin əlamətdar hadisə olduğunu deyib. 

S.Məmmədəliyeva 2006-cı ildə Vyana şəhərində müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin büstünün ucaldılmasının, 2011-ci ildə Bakı şəhərində Avropa klassik musiqisinin parlaq nümayəndəsi, dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın abidəsinin açılmasının iki ölkə arasında mədəni əməkdaşlıq tarixində əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi