Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək aşbaz hazırlanır

Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək aşbaz hazırlanır “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə milli müsabiqənin III mərhələsi keçirilir.
Mədəniyyət siyasəti
111
30 Noyabr , 2021 11:35
Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək aşbaz hazırlanır

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə milli müsabiqənin III mərhələsi keçirilir.

"Report" xəbər verir ki, həmin yarışlarda Azərbaycanı təmsil etmək üçün müraciət edənlər arasında III mərhələyə keçid hüququ qazanan 20 iştirakçı 3 saat 30 dəqiqə ərzində sirli qutuda təqdim edilən inqrediyentlərdən istifadə etməklə bir salat və bir əsas yemək növü hazırlayacaqlar.

Münsiflər heyətinin qiymətləndirməsi “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparılacaq. Müsabiqənin nəticələrinə əsasən 5 qalib bu gün axşam saatlarında mükafatlandırma mərasimində elan ediləcək.

Cari mərhələdə uğur qazanan iştirakçılar "CASA" Kulinariya Mərkəzində ödənişsiz əsaslarla təlim-təcrübə proqramına qoşulacaq. Təcrübə proqramının sonunda imtahanların nəticələrinə əsasən, 5 nəfərdən yalnız 3-ü final mərhələsinə doğru irəliləyəcək.

Final mərhələsinin yekununda qalib şəxs “CASA” Kulinariya Mərkəzi tərəfindən "Diplom Proqramları" üçün təqaüd əldə edəcək və gələn ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı “WorldSkills Shanghai 2022” bacarıq yarışlarında təmsil etmə hüququ qazanacaq.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CASA” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Ümumilikdə 5 mərhələdən ibarət olan milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Son xəbərlər

Orphus sistemi