Azərbaycanda Rusiya Filmləri Həftəsi başlayıb

Azərbaycanda Rusiya Filmləri Həftəsi başlayıb Tədbir çərçivəsində Rusiyanın tanınmış aktyorları Bakıya gəlib
Mədəniyyət siyasəti
1 Oktyabr , 2015 19:40
Azərbaycanda Rusiya Filmləri Həftəsi başlayıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində Rusiya Filmləri Həftəsinin rəsmi açılışı olub. "Report" xəbər verir ki, "Azərbaycanfilm" Kinostudiyasının redaktoru Ayaz Salayev çıxış edərək Rusiyadan gəlmiş qonaqları salamlayıb, Rusiya kinosunun ənənələrindən, şanlı tarixindən söz açıb. 

Daha sonra qonaqlar səhnəyə dəvət olunub. Rusiyalı aktyorlar adından Rusiyanın xalq artisti Boris Şerbakov danışıb. O, Bakını gözəl şəhər adlandıraraq, Azərbaycan paytaxtını Dubaya bənzədib. 

Bundan sonra Rusiya Filmləri Həftəsinin ilk filmi - "Burada üfüqlər sakitdi..." filminin yeni versiyasının nümayişi ilə bir həftə davam edəcək böyük mədəniyyət tədbirinə start verilib. 

Qeyd edək ki, Rusiya Filmləri Həftəsi oktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbirlə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, Film həftəsində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, nümayiş olunacaq "Quzum Dolli kinli idi, tez öldü" bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir. 

Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Burada üfüqlər sakitdi...", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın 3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın 4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da "Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın 7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq. 

Film nümayişlərinə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi