Azərbaycanda muzey işçiləri üçün treninqlər keçiriləcək

Azərbaycanda muzey işçiləri üçün treninqlər keçiriləcək Xarici mütəxəssislər Bakıda səfərdədir
Mədəniyyət siyasəti
25 Fevral , 2015 09:59
Azərbaycanda muzey işçiləri üçün treninqlər keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin və Britaniya Şurasının (British Council Azerbaijan) birgə təşəbbüsü ilə Azərbaycan muzeylərinin inkişaf səviyyəsinin, dünyanın aparıcı muzeylərinin standartlarına çatdırılması məqsədilə muzey işçiləri üçün seminar-treninqlərin təşkili nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Layihənin həyata keçirilməsi ilə bağlı Britaniya Şurasının Muzey, Kitabxana və Arxiv sahəsi üzrə regional məsləhətçisi xanım Ceyn Viksi və bu sahə üzrə mütəxəssis xanım Coanna van Mil Azərbaycana səfər edib.

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıqın, Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru Elizabet Vaytın və muzey ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.

Tədbir zamanı nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək qeyd etmişdir ki, Britaniya Şurasının ölkəmizdəki fəaliyyəti Böyük Britaniya və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına xidmət edir.

Britaniya Şurası Azərbaycanda fəaliyyətinin ilk günlərindən mədəniyyət və incəsənət sahəsində fəal əməkdaşlığa başlayıb.

Hər il Azərbaycan və Böyük Britaniyada keçirilən turizm sərgilərində hər iki ölkənin turizm şirkətləri mütəmadi olaraq iştirak edirlər. Bu isə qarşılıqlı turist səfərlərinin çoxalmasına öz müsbət təsirini göstərir.

Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq çıxış edərək layihənin həyata keçirilməsinə böyük dəstək verilməsinə görə öz minnətdarlığını bildirib.

Tədbirdən sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq, Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru Elizabet Vayt və tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə yaxından tanış olub, muzey işçiləri ilə birlikdə Azərbaycanın muzey sektoruna aid mühüm məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi