Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində tədqiqatçı alim Şakir Qabıssanlının (Həmzəyev) “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabının təqdimatı keçirilib.
Muzeydən "Report"-a bildiriblər ki, müəllif kitabda yeddi min söz və işarənin, 157 xalq mahnısının, muğamların hər birinin və “Kitabi-Dədə Qorqud” dastanındakı antroponimlərin, toponimlərin, xalçalarımızdakı naxış və ornamentlərin yeni prizmadan özünəməxsus izahını və şərhini verir. Müəllif, həmçinin Orxon-Yenisey abidələrindən, “Avesta”dan, Qobustandakı qayaüstü yazılardan və “Qurani-Kərim”in ayələrindən bəhrələnib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, sənətşünaslıq doktoru Röya Tağıyeva, professor Ramil Əliyev və başqaları kitab haqqında fikirlərini bildiriblər.