Azərbaycan xalçaları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib - REPORTAJ

Azərbaycan xalçaları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib - REPORTAJ Müxtəlif ölkələri təmsil edən 20-dək stendin qurulduğu festivalda Azərbaycanı Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil edib
Mədəniyyət siyasəti
13 İyun , 2016 12:07
Azərbaycan xalçaları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib - REPORTAJ

Tbilisi. 13 iyun. REPORT.AZ/ Azərbaycan Gürcüstanın Axalsıx şəhərindəki Rabat qalasında açılan “Beynəlxalq xalça festivalı – 2016”da təmsil olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə bir neçə ölkənin xalçaçılıq sənəti nümunələri, şəxsi kolleksiyalarda saxlanılan xalçaların eskizləri nümayiş etdirilib. 

Sərginin təşkil olunduğu ərazidə ən böyük pavilyon Azərbaycana məxsus olub.

Müxtəlif ölkələri təmsil edən 20-dək stendin qurulduğu festivalda Azərbaycanı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil edib.

Muzeyin direktoru Leyla Əliyeva jurnalistlərə müsahibəsində deyib ki, pavilyonda Azərbaycanın 30-dan çox xalçası nümayiş etdirilib: "Onlar əsasən Borçalı elində toxunmuş Qarabağ, Qarayazı, Qaraçöp, Qonaqkənd, Ləmbəli, Təbriz xalça növləridir. Muzeyimizin nəzdindəki xalçaçılıq dərnəyinin şagirdlərinin əl işləri, xalçaçılığa dair kitablar və digər yazılı ədəbiyyat nümunələri də burada sərgilənib.

Əsas məqsədimiz Azərbaycan mədəniyyətinin naxışı olan xalçaçılıq sənətini burda nümayiş və təbliğ etmək, dünyadan gələn qonaqlara, tanımayanlara mədəniyyətimizi tanıtdırmaqdır”.

Direktor bildirib ki, sərgiyə çıxarılan Azərbaycan xalçaları təmiz yundan əyrilmiş saplarla toxunub, təbii boyalarla rənglənib. Buna görə də Azərbaycan xalçalarına maraq böyük idi. Azərbaycan pavilyonunu ümumilikdə 2000-dək qonaq ziyarət edib.

Qonaqlara bu xalçaları əldə etmək imkanı da yaradılmışdı. Müxtəlif qiymətlərə təqdim edilən bir-birindən gözəl, rəngarəng Azərbaycan xalçalarını öz evində görmək istəyən turistlərin sayı az deyildi.

Azərbaycan pavilyonunda nümayiş etdirilən xalçalar arasında ən bahalıları Vərni adlanan Qarabağ xalçası və Qonaqkənd adlanan Quba xalçası olub. Bu xalçaları dəyərli edən edəm onların toxunuş qaydasıdır. Vərni və Qonaqkənd xovsuz xalçalar hesab edilir. Vərni yeni toxunan xalça olsa da Qonaqkəndin təxminən 150-yə yaxın yaşı olduğu bildirilir.

Sərgini ziyarət edən İngiltərəli Robino Marius deyib ki, ilk dəfədir Azərbaycan xalçaları görür: "Deyilənə görə onların bəzilərinin 150-dən çox yaşı var. Bu heyrətamizdir. Bura gəlməyimə və Azərbaycan pavilyonunu ziyarət etməyimə görə çox şadam. Bu xalçalardan məlum olur ki, Azərbaycanın qədim və zəngin mədəniyyəti var”.

Axalsıx meriyasının mətbuat katibi Sofiya Mesxi də sərgidən məmnun qalıb: “Bəli, mənim çox xoşuma gəldi. Mən Azərbaycan xalçalarını ilk dəfədir görürəm. Burda hər şey çox gözəldir, çox maraqlıdır, Mənim üçün çox xoş oldu”.

Rusiyadan gələn Mixail Kozırev də sərgidə, xüsusən də Azərbaycan pavilyonunda olmaqdan məmnun idi: “Azərbaycan xalçaları mənim çox xoşuma gəldi. Mən bu cür incəsənət, mədəniyyət nümunələrini evimdə də görmək istərdim. İmkan daxilində onlardan birini alacağam”.

Sərgi çərçivəsində simpozium da keçirilib. Simpoziumda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Xalça Muzeyinin əməkdaşları iştirakı ediblər.

Sərginin son günündə iştirakçıların şərəfinə konsert proqramı təşkil olunub.

Azərbaycan pavilyonunun açılışında göstərdiyi dəstəyə görə Axalsıx universitetlərində oxuyan bir qrup tələbəyə xatirə hədiyyələri və diplomlar təqdim olunub.

Mükafatları M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva təqdim edib.

Son xəbərlər

Orphus sistemi