Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində XI Beynəlxalq Biləcik Teatr Festivalının açılış mərasimi keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir kiçik konsert proqramı ilə başlayıb və mərasimdə üç sənətkara “Qızıl Çınar” mükafatı təqdim edilib. Onlardan biri festivalda Azərbaycanı uğurla təmsil edən, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam Soltan olub.
Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı, İstanbul şəhərinin Mədəniyyət və Turizm İdarəsinin müdiri Nedret Apaydın, Bəyoğlu və Biləcik bələdiyyələrinin sədrləri Əhməd Misbah Dəmircan və Səlim Yağcı, Biləcik valisi Süleyman Elban, millət vəkili Xəlil Eldəmir və başqaları iştirak ediblər.
Nazir Nəbi Avcı Biləcik Teatr Festivalının on ildən bəri uğurla həyata keçirildiyindən danışıb, dost və qardaş ölkə Azərbaycanın bu festivalda iştirakının sevindirici hal olduğunu söyləyib.
Festivalda Bakı Uşaq Teatrı “Vətən” və “Sıravi Dursun” adlı iki tamaşa ilə çıxış edəcək.
Tədbir noyabrın 30-na kimi davam edəcək.