“Azərbaycan Şekspir xalçası” müsabiqəsi başlanıb

“Azərbaycan Şekspir xalçası” müsabiqəsi başlanıb Elizabeyt Uayt: "Şekspir xalçası" dünyada keçirilən yeganə və unikal müsabiqədir"
Mədəniyyət siyasəti
18 May , 2016 18:55
“Azərbaycan Şekspir xalçası” müsabiqəsi başlanıb

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində "Azərbaycan Şekspir xalçası" müsabiqəsinin açılışı olub. 

"Report" xəbər verir ki, müsabiqə "British Council", Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450, ölümünün 400 illik yubileyi münasibətilə elan olunub. Müsabiqədə Şekspirin şərəfinə dahi dramaturqdan ilham almış xalça dizaynı hazırlanacaq. "Azərbaycan Şekspir xalçası" müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir.

Muzeyin direktoru Şirin Məlikova bu müsabiqənin xalçaçılıq sənətində ilk dəfə keçirildiyini bildirib: “Müsabiqə Qərbin lirikası ilə Şərqin estetikasını bir araya gətirməkdə mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, süjetli xalçaçılıq Azərbaycanda geniş yayılmış sənət növlərindəndir. Müsabiqəyə təqdim ediləcək süjetli xalçada Şekspirin əsərlərinin ölməz qəhrəmanları təsvir ediləcək”.

Direktor qeyd edib ki, müsabiqə peşəkar dizaynerlər, uşaqlar və digər kateqoriyalar da daxil olmaqla, Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Xüsusi texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompyuter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş etdiriləcək və mükafat qazanmış əsər əsasında xalçalar toxunacaq.

“British Council Azərbaycan”ın direktoru Elizabet Uayt Azərbaycanın qədim xalçaçılıq ənənələrinə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, müsabiqə ölkələr arasında mədəniyyət mübadiləsinə xidmət edir. O deyib: “Azərbaycan Şekspir xalçası” yazıçının pyeslərindəki səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər. Əsas məsələ xalçanın Şekspirin adını və Azərbaycan xalça ənənələrini təcəssüm etdirməsidir”. Elizabet Uayt bildirib ki, müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq. Habelə qalib olan dizayn əsasında hazırlanan xalça Viktoriya və Albert muzeyinin eksponatları sırasında yer alacaq.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu vurğulayan “British Council” təşkilatının regional direktoru Endi Uilyams Azərbaycanın xalça sənətinin tarixindən də danışıb: “Dünyanın ən böyük və tarixi baxımdan əhəmiyyətli, gözəl xalçalarından biri Ərdəbil (Şeyx Səfi) xalçasıdır. O, Uliyam Şekspirin dünyaya gəlməsindən 25 il öncə toxunub və hazırda Londonun Viktoriya və Albert muzeyində nümayiş olunur. Ümid edirəm ki, belə zəngin tarixə malik xalçaçılıq sənəti ilə görkəmli yazıçının yaradıcılığını əlaqələndirmək uğurlu nəticələr verəcək”.

Müsabiqə Azərbaycanın bütün vətəndaşları və sakinləri üçün açıqdır. Müsabiqə 2016-cı il iyulun 31-də başa çatır. 

Son xəbərlər

Orphus sistemi