Yuxarı

Azərbaycan Prezidenti xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, hökumət rəsmiləri, elm və incəsənət xadimləri xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

"Report"un məlumatına görə, nekroloqda deyilir ki, Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib: "Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını alıb. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülüb.

Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi