Azərbaycan Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb

Azərbaycan Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb Azərbaycan Milli Komissiyasını Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə və Komissiyanın üzvü Leyla Tağızadə təmsil edib
Mədəniyyət siyasəti
19 Aprel , 2021 12:56
Azərbaycan Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) Azərbaycan təşkilat üzrə Milli Komissiyası arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq çərçivəsində yaxın müddətdə həyata keçiriləcək proqram və fəaliyyətlərin müzakirə olunması məqsədilə virtual görüş keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə ICESCO-nu təşkilatın Elm və Texnologiya bölməsinin rəhbəri Dr. Rahil Qəmər, adıçəkilən bölmənin məsləhətçisi Məhəmməd Şərif və bölmənin eksperti Fued El-Ayni, Azərbaycan Milli Komissiyasını isə Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə və Komissiyanın üzvü Leyla Tağızadə təmsil edib.

Görüş zamanı kiçik alət və cihazların, tibbi və bioloji təchizat vasitələrinin və müasir diaqnostika cihazlarının hazırlanması və dizayn edilməsinin öyrənilməsi məqsədilə ICESCO tərəfindən Bakı şəhərində keçirilməsi təklif olunan mühəndislik sahəsində təlimlərin təşkili ilə əlaqədar müzakirələr aparılıb.

Tərəflər arasında 2021-ci ilin iyul ayında gənclər üçün texnologiya və innovasiya sahələrində kiçik bizneslərin qurulması və inkişaf etdirilməsi ilə bağlı üç günlük təlim proqramının həyata keçirilməsi təklifi müzakirə olunub.

Təlim proqramı, həmçinin iştirakçıların öz layihələrini reallaşdırması məqsədilə altı həftəlik sürətləndirilmiş kursu əhatə edəcək. Proqram Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək. Sonrakı mərhələdə proqramın daha 10 ölkədə həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdə, həmçinin cari ilin iyun ayında ICESCO-nun Elm və Texnologiya bölməsi tərəfindən Mərakeşin Ağadir şəhərində “Dayanıqlı və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək simpoziumla bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi