Azərbaycan filmləri Müsəlman Kino Festivalının proqramına daxil edilib

Azərbaycan filmləri Müsəlman Kino Festivalının proqramına daxil edilib Festival sentyabrın 5-dən 11-dək davam edəcək
Mədəniyyət siyasəti
10 Avqust , 2015 15:37
Azərbaycan filmləri Müsəlman Kino Festivalının proqramına daxil edilib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə keçiriləcək festival sentyabrın 5-dən 11-dək davam edəcək. 

Festivalın proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, həmçinin animasiya filmləri olmaqla ümumilikdə 50 film daxil edilib.

Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsı çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik süjetlərdən ibarət 18 qısa film çəkilib ki, bu filmlərdən də 50 dəqiqəlik bir tammetrajlı sənədli film ərsəyə gəlib.

Qeyd edək ki, layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

"Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.

Son xəbərlər

Orphus sistemi