Yuxarı

Azərbaycan CAR-da “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti keçirib

Zalın foyesində Heydər Əliyev Fondunun nəşrlərindən ibarət kitab sərgisi təşkil edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının (NMR) 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır”adlı klassik musiqi konserti keçirilib. "Report"un məlumatına görə, tədbir Azərbaycanın CAR-dakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən “Azərbaycan Dostları” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilib. 

Tədbirdə Azərbaycan Respublikasının CAR-dakı səfiri Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və Naxçıvan Muxtar Respublikası barədə məlumat verən E.Poluxov səfirliyin təsis edildikdən sonra üç il ərzində fəaliyyəti, dövlətlərarası əlaqələrin inkişafı, baş tutmuş qarşılıqlı səfərlər və səfirliyin perspektiv planları barədə danışıb. Səfir həmçinin bu cür tədbirlərin Azərbaycan mədəniyyəti və musiqisini Afrika xalqına daha gözəl təqdim etmək imkanı yaratdığını və Odlar Yurdunun tarixi köklərə bağlanan klassik musiqisindən zövq alacaqlarına ümid etdiyini bildirib.

Daha sonra CAR-ın önəmli iş adamlarından, İçikovitz Ailəsi Fondunun (İchicowitz Family Foundation) təsisçisi İvor İçikovitz çıxış edərək CAR-ın tarixində ilk dəfə olaraq Azərbaycan klassik musiqisindən ibarət konsertin təşkil olunduğunu və bu konsertin CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirilməsinə təkan verəcəyini qeyd edib. Həmçinin qonaq Azərbaycanın CAR-da səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Yohannesburq Filarmonik Orkestrının ifasında Fikrət Əmirovun “Azərbaycan Kapriçiosu” və “Ərəb mövzusunda piano konserti”, Qara Qarayevin “Yeddi Gözəl baletindən Suita”, Soltan Hacıbəyovun “Karvan” və Çaykovskinin “Rokoko mövzusunda variasiyaları”, solistlər - Azərbaycan Respublikasının əməkdar artisti Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağı-zadənin iştirakı ilə ifa edilib. Həmçinin ilk dəfə olaraq “Linder” konsert zalında Sevda İbrahimovanın “Etiraflar” adlı əsərinin dünya premyerası baş tutub.

Musiqi gecəsinə CAR-da akkreditə olunmuş səfirlər, diplomatik korpusun nümayəndələri, yüksək rütbəli dövlət məmurları, CAR-da yaşayan Azərbaycan və Türkiyə icması, yerli klassik musiqi sevərləri və media nümayəndələri iştirak ediblər. Zalda toplaşan çoxsaylı qonaqlar Azərbaycan klassik musiqi incilərini yüksək qiymətləndirərək, gurultulu alqışlarla Y.Adıgözəlovu və solistləri dəfələrlə səhnəyə dəvət ediblər.

Zalın foyesində Heydər Əliyev Fondunun nəşrlərindən ibarət kitab sərgisi təşkil edilib.

Qeyd edək ki, bu il Yohannesburq Filarmonik Orkestrı VI Qəbələ Musiqi Festivalında iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi