Azərbaycan Boğaziçi Beynəlxalq Film Festivalında təmsil olunacaq

Azərbaycan Boğaziçi Beynəlxalq Film Festivalında təmsil olunacaq Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 9-cu Boğaziçi Beynəlxalq Film Festivalının “Beynəlxalq sənədli filmlər” kateqoriyasında yarışacaq.
Mədəniyyət siyasəti
11 Oktyabr , 2021 16:20
Azərbaycan Boğaziçi Beynəlxalq Film Festivalında təmsil olunacaq

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 9-cu Boğaziçi Beynəlxalq Film Festivalının “Beynəlxalq sənədli filmlər” kateqoriyasında yarışacaq.

“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, oktyabrın 23-30-da İstanbulda keçiriləcək festivalda “Sonuncu” filmi dünyanın müxtəlif ölkələrindən seçilmiş 10 filmlə birgə yarışacaq.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

Qeyd edək ki, “Sonuncu” filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında, Rusiyanın Perm şəhərində keçirilən “Flaertiana Beynəlxalq Film Festivalı”nda, 6-cı “Eurasia.Doc” festivalında, Bosniya və Herseqovinada keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında, Meksikada “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.

“Sonuncu” filminin növbəti müsabiqəsiPolşada olacaq. Oktyabrın 19-24-də Polşanın Poznan şəhərində 25-ci “Beynəlxalq sənədli film festivalı” keçiriləcək. Film festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.

Son xəbərlər

Orphus sistemi