​Azərbaycan BMT-də “Bakı Prosesi”ni təqdim edəcək

​Azərbaycan BMT-də “Bakı Prosesi”ni təqdim edəcək Tədbir yanvarın 27-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin baş qərargahında keçiriləcək
Mədəniyyət siyasəti
14 Yanvar , 2015 20:16
​Azərbaycan BMT-də “Bakı Prosesi”ni təqdim edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 27-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin baş qərargahında "Bakı Prosesi" və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək. Bu barədə "Report"a Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliy, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə düzənlənəcək tədbir Prezident İlham Əliyevin ideyası əsasında 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında qərara alınan və onun tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 5 illik yubileyinə həsr olunur. 2011 və 2013-cü illərdə keçirilmiş forumlar Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasında rol oynayıb.

Dünyanın nüfuzlu siyasi xadimləri, BMT sistemində fəaliyyət göstərən təşkilat və qurumların rəhbər şəxsləri, katibliyin rəsmiləri və ABŞ-da, həmçinin BMT-də fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəlik və səfirliklərinin nümayəndələrinin tədbirdə iştirakı nəzərdə tutulur. Həmçinin qonaqların şərəfinə xüsusi ziyafət təşkil olunacaq.

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi təbliğinə xidmət edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan filmin təqdimatı və xüsusi sərgi nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi