Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub Tədbirdə 40-dan çox ölkə iştirak edib
Mədəniyyət siyasəti
26 Sentyabr , 2017 17:22
Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin təşkilatçılığı ilə Parisdə "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə Azərbaycan da təmsil olunub.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə - müxtəlif millətlərin coxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə xidmət etməkdir.

Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak edib.

Sena çayınınn sahilində 3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən nümunələr, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib.

"Beynəlxalq Qastronomiya şəhərciyi" təşkil olunmuş musiqi proqramında iştirakçı ölkələr milli musiqi və rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin şagirdləri "Uzundərə", "Naz eləmə" və digər Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, Azərbaycan iki ildir "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi