Yuxarı
    Bağlamaq

    Azərbaycanda QHT-lərin mədəniyyət sahəsi üzrə maliyyələşdirilmə qaydaları açıqlanıb

    Nazirlər Kabineti Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydasını təsdiq edib

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nı təsdiq edib.

    Report xəbər verir ki, sənəd qeyri-hökumət təşkilatları (QHT) tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərinin dövlət maliyyələşdirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini və mədəniyyət sahəsində ədəbiyyat, incəsənət, dizayn, arxitektura, musiqi, xoreoqrafiya, teatr və sirk, kino, muzey və kitabxana, rəssamlıq və heykəltəraşlıq, xalq yaradıcılığı, folklor istiqamətlərinin inkişafında və mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin həyata keçirilməsində dövlət maliyyələşdirilməsini tənzimləyəcək.

    Sənədə əsasən, QHT-nin mədəniyyət sahəsində layihələri Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin təşkili, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkili vasitəsilə həyata keçirilir.

    Eyni zamanda, buraya uşaqların, gənclərin estetik, etik və mənəvi tərbiyələndirilməsi məqsədilə seminar, tədris, dəyirmi masa, əhalinin milli və dünya mədəniyyət nailiyyətlərindən bəhrələnməsini asanlaşdıran, mədəniyyət sahəsində istedadların müəyyən edilməsi, onların yaradıcılığının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin təşkili də daxildir.

    Qaydalara görə, dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdiriləcək.

    Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində nazirliyin rəsmi elektron saytında dərc ediləcək. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun sənədlərlə birlikdə nazirliyə təqdim etməlidirlər. 

    Qaydalara əsasən, QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək nazirliyə təqdim edilməlidir.

    Növbəti ildə QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi barədə Mədəniyyət və Turizm Nazirliyinin təklifi cari ilin iyulun 1-dək Maliyyə Nazirliyinə göndərilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçiriləcək tədbirlərlə bağlı xərclər hər il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

    QHT-nin mədəniyyət sahəsində keçirdiyi tədbirlər, o cümlədən ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə müsabiqə şərtlərində müəyyən edilmiş forma və qaydada nazirliyə hesabat təqdim edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi