“Qardaş Türkiyənin dəstəyini sadəcə Qarabağ müharibəsində deyil, bütün tarix boyu hiss etmişik. 100 il öncə də Qafqaz İslam Ordusu ilə birgə Azərbaycanı, Bakını işğaldan azad etmişdik. Bu gün də Qarabağı sizin dəstəyinizlə işğaldan azad etdik. Türkiyə dövlətinə və qardaşlarımıza təşəkkür edirik. Bu dəstəyi heç vaxt unutmadıq, unutmayacağıq”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov söyləyib.
A.Kərimov Azərbaycan əsgərlərinin Qarabağda böyük qəhrəmanlıq göstərərək tarixi bir mübarizə göstərdiyini, bunun sadəcə Azərbaycan və Türkiyənin deyil, türk dünyasının zəfəri olduğunu bildirib: "Gənc nəslimiz tariximizlə fəxr etməlidir. Ortaq tariximizin, kimliyimizin daha yaxşı tanıdılması üçün çalışacağıq. Bunu da film və seriallarla anlatmaq, bu mövzuda əməkdaşlıq etmək istəyirik”.
Nazir Ermənistanın dinc əhaliyə təcavüzünün dünyaya çatdırılmasında və informasiya müharibəsində də Türkiyənin önəmli dəstəyini gördüklərini vurğulayıb: “Mübarizə meydanda bitsə də, masada davam edir. Mədəniyyət diplomatiyası sahəsində təzyiqləri indidən görürük. Bu səbəbdən aktiv şəkildə birlikdə çalışmağa davam etməyimiz çox önəmlidir. Ermənistanın Qarabağdakı mədəni irsə təcavüzlərini dünyaya göstərmək üçün “Peace for Culture” adı ilə başlatdığımız kampaniyada da türkiyəli qardaşlarımızın dəstəyini gözləyirik”.
A.Kərimov Qarabağ zəfəri, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı kimi tarixi olayların ortaq istehsalla həm sənədli, həm də bədii film olaraq dünyaya çatdırılmasının Türkiyə və Azərbaycanın dostluq və qardaşlığının simvolları olacağını bildirib.