Anar Kərimov komissiya yaradılması haqqında əmr imzaladı

Anar Kərimov komissiya yaradılması haqqında əmr imzaladı "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfin
Mədəniyyət siyasəti
933
21 Sentyabr , 2020 14:34
Anar Kərimov komissiya yaradılması haqqında əmr imzaladı
Anar Kərimov

"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin icrasını təmin etmək məqsədilə, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.

İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan  vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı 20 oktyabr 2020-ci il tarixinədək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet saytının "Elanlar" bölməsində yerləşdirilmiş link vasitəsilə tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi