“Ermənlilərin alban dini məbədlərinin üzərinə yazdıqları qondarma izlərin aradan qaldırılması üçün alban tarixini, arxitekturasını bilən mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb”.
“Report”un Qərb bürosu xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qrupda həm də dövlət qurumlarının nümayəndələri təmsil olunurlar: “İşçi qrupun üzvləri ilə həmin yerlərə baxış keçirib, baxışdan sonra növbəti addımlarımızı fikirləşəcəyik. Həmin ərazilər hələ tam təhlükəsiz deyil. Erməniləşdirilmiş alban kilsələrinə getmək rahat deyil. Ərazilər minalardan təmizlənəndən sonra həm yerli, həm də beynəlxalq ekspertləri ora aparacağıq və erməni saxtakarlığını, dəyişiklikləri sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.
Nazirin sözlərinə görə, eyni zamanda, beynəlxalq ekspertlərlə də iş aparılır: “Onların Azərbaycana dəvət edilməsi planlaşdırılır”.