Yuxarı

Akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirmiş və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaratmışdır. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri vardır.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi