Bakı. 9 iyun. REPORT.AZ/ Avropa İttifaqı - Azərbaycan əlaqələrinin 25 illik yubileyi münasibətilə Şəmkir rayonu və Gəncə şəhərinə avtobus turu olacaq
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən xəbərə görə, məqsəd yerli ictimaiyyəti Aİ və onun ölkədəki fəaliyyəti barədə məlumatlandırmaqdır.
Tədbir Aİ-nin Azərbaycandakı nümayəndəliyi, üzv dövlətlər və Şəmkir rayon və Gəncə şəhər icra hakimiyyətləri tərəfindən keçirilir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib ki, avtobus Avropa təcrübəsini Azərbaycan ictimaiyyəti ilə bölüşmək məqsədi daşıyır: "Biz bu yolla Avropa İttifaqı və üzv dövlətlər barədə Azərbaycanda məlumatlılığı artırmağa və zəngin mədəniyyətimizi daha yaxşı göstərməyə ümid edirik. Hər kəsi Aİ avtobusunun marşrutunu izləməyə və bütün Gəncə və qonşu bölgələrin sakinlərini iyunun 11-də Gəncədə keçiriləcək Avropa şəhərciyinə dəvət edirəm. Avropa şəhərciyinin bilik və əyləncə ilə yadda qalacaq xoş gün olacağından əminəm".
Məlumatda qeyd olunub ki, avtobus iyunun 10-da Şəmkirə çatacaq: "Şəmkirdə 8 komandanın iştirakı ilə "Breyn Rinq" yarışmasının keçirilməsi nəzərdə tutulur. İştirakçılar Aİ ilə bağlı suallara cavab vermək uğrunda yarışacaqlar. Bundan əlavə, Şəmkir, Gəncə və qonşu rayonların sakinləri üçün 7-25 arası 3 ayrı yaş kateqoriyasında "Avropaya baxış" və "Avropa nağıllarının qəhrəmanları" mövzusunda rəsm müsabiqəsi təşkil ediləcək. Zəka Mərkəzində yerləşən incəsənət qallereyası (Şəmkir şəh, H.Əliyev pr.17) saat 16:00-dan etibarən ictimaiyyətə açıq olacaq. Hər iki müsabiqənin qalibləri Aİ səfiri Malena Mard tərəfindən mükafatlandırılacaq. Saat 18:00-da Şəmkir səfəri alman kilsəsində keçiriləcək orqan və vokal musiqi konserti ilə başa çatacaq. Görkəmli opera ifaçısı Fəridə Məmmədova (soprano) və beynəlxalq müsabiqələrin qalibi Nigar Məmmədova konsertdə çıxış edəcəklər. Onlar klassik bəstəkarların seçmə əsərlərini ifa edəcəklər".
Məlumatda həmçinin vurğulanıb ki, iyunun 11-də avtobusu növbəti dayanacağa - Gəncəyə çatacaq: "Proqram Aİ və üzv dövlətlərin səfirlərinin iştirakı ilə Gəncə Avropa Gənclər Parkında İttifaqın yaşıl guşəsinin qurulması ilə başlanacaq. Saat 15:00-da Heydər Əliyev Parkında Avropa Şəhərciyi tədbiri keçiriləcək. Məqsəd Gəncə sakinlərini Avropa ölkələrinin milli ənənələri və mədəniyyəti ilə yaxından tanış etməkdir. Tədbir proqramına müxtəlif yarışmalar, viktorinalar, karaoke, uşaqlar üçün üzə çəkilən rəsmlər və digər fəaliyyət daxildir. Gəncədə saat 19:00-da açıq havada keçiriləcək konsert proqramı ikigünlük regional turun kuliminasiya nöqtəsi olacaq. Heydər Əliyev Parkının amfiteatrında keçiriləcək konsert zamanı "Avroviziya-2012" müsabiqəsinin təmsilçisi Səbinə Babayeva və "Azərbaycanın səsi" müsabiqəsinin müğənniləri Avropa və Azərbaycan mahnılarını ifa edəcəklər".